Bu ilin ilk yarımilində inkişafı xarakterizə edən əsas göstərici kimi muxtar respublikada ümumi daxili məhsul istehsalı 1 milyard 310 milyon 168 min 700 manat olub ki, bu da bir il öncəki göstəricidən 1,1 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 faiz artaraq 2 min 847,6 manat olub. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,1 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 58 faiz təşkil edib.
Muxtar respublikada həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirib, rəqabətədavamlı və ixracyönlü məhsullar istehsal edən yeni müəssisələr yaradılıb.
Bu ilin yanvar-iyun aylarında muxtar respublikada 561 milyon 563 min 200 manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da bir il öncəki göstəricini bir faiz üstələyib.
Sənaye məhsulu istehsalının 96,3 faizi malların, 3,7 faizi isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 94,2 faiz təşkil edib ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.
2020-ci ilin ilk yarımilində muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 69 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 46 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması hazırda davam etdirilir.
Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə bu ilin yanvar-iyun aylarında 11 milyon 260 min manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 2,6 dəfə çoxdur.
Sənayedə istehsalın həcminin artması nəticəsində 2020-ci ilin yanvar-iyun aylarında 152 milyon 23 min 700 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunub.