ABŞ-ın yeni təşviq paketində maaşlardan tutulan vergidə güzəşt olmayacaq

2020.07.27 17:10 (UTC+04:00)

ABŞ-ın Xəzinədarlıq naziri Steven Mnuçin koronavirus epidemiyası ilə mübarizə istiqamətində həyata keçirilməsi planlaşdırılan 1 trilyon dollar həcmində yeni təşviq paketində maaşlardan tutulan vergidə hər hansı endirim nəzərdə tutulmadığını vurğulayıb.

Qeyd edib ki, yeni təşviq paketində ABŞ Prezidentinin üstünlük verdiyi məsələlər uşaqlar və məşğulluqdur. Məktəblərin təhlükəsiz şəkildə yenidən açılması üçün 105 milyard dollar vəsait ayrılacaq.

Nazir artırılmış işsizlik sığortasının müddətinin bitmək üzrə olduğunu xatırladaraq təşviq paketinin prioritetlərindən birinin də bu məsələyə yönəldildiyini qeyd edib.İşsizlik sığortasının mövcud strukturla davam edə bilməyəcəyini bildirən Mnuçin “insanlara evdə qaldıqlarına görə işlədiklərindən artıq pul ödəyə bilmərik. İş tapa bilməyən insanların məqbul bir “maaş əvəzi” aldığına əmin olmaq istəyirik. Dolayısı ilə bu, 70 faizlik maaş əvəzləməsinə əsaslanacaqdır”, - deyib. Bildirilib ki, məşğulluğu qoruya bilmələri üçün şirkətlərə vergi təşviqləri nəzərdə tutulur. Pandemiya dövründə mənfəəti 50 faizdən artıq azalan şirkətlərə Maaşların Qorunması Proqramı çərçivəsində ikinci mərhələdə dəstək göstəriləcək.

Xəzinədarlıq naziri Mnuçin açıqlamasında başlıca məqsədlərinin dolları sabit saxlamaq olduğunu vurğulayaraq “Dollar dünyanın rezerv pul vahididir və onu qoruyacağıq”, - deyib.