Dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Diqqət yetirməli olduğumuz həssas məqam isə budur ki, daimi işi yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır.
Vergi Məcəlləsində ezamiyyə məsrəflərinin gəlirdən çıxılmasını tənzimləyən müddəalar yer alır ki, bu müddəalara əsasən, faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının - Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır. Ezamiyyə xərcləri gəlirdən çıxılması məhdudlaşdırılan xərclərə aid edilir. Yəni ezamiyyə xərclərinin norma daxilində gəlirdən çıxılmasına heç bir məhdudiyyət yoxdur. Eyni zamanda, qanunvericilik müəssisəyə işçilərinin ezamiyyə xərclərinin müəyyən olunmuş normadan artıq ödənilməsinə də heç bir məhdudiyyət qoymur. Yəni müəssisə işçinin ezamiyyəsi zamanı çəkdiyi xərclərin normadan artıq hissəsini öz sərbəst mənfəəti hesabına ödəyə bilər. Yalnız normalar daxilində müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğlərinin müəssisənin gəlirindən çıxılmasına icazə verilir. Digər tərəfdən, Vergi Məcəlləsinin 98.3-cü maddəsinə əsasən, faktiki ezamiyyə xərclərinin əvəzinin ödənilməsi gəlirə daxil deyil və işçiyə qanunvericiliklə müəyyən edilmiş norma daxilində ödənilən ezamiyyə xərclərinin məbləği gəlir vergisindən azaddır. Faktiki ezamiyyə xərclərinin əvəzinin ödənilməsi müvafiq sənədlərlə təsdiq edildyi halda, işçinin gəlirlərinə daxil edilmir.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin bir günlük norması müəyyən edilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş bir günlük normasının 20 faizini gündəlik xərc təşkil edir. Gündəlik xərcə yemək, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər üzrə xərclər daxildir və işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmaqla) ödənilir. Gündəlik xərclər üçün hər hansı təsdiqedici sənəd tələb olunmur. İşçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmadan) ödənilən ezamiyyə xərclərinin bir günlük normasının 80 faizini mehmanxana xərci təşkil edir və müvafiq təsdiqedici sənədlər əsasında tam, təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda isə ezamiyyə xərclərinin bir günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi miqdarında ödənilir.
Ardı var...