Böyük Britaniya hökuməti 2023-cü ilin aprelindən vergi ödəyicilərinin, demək olar ki, hamısının öz bəyannamələrini elektron formada təqdim etməsinə hazırlıq görür. Maliyyə Nazirliyinin açıqlamasında bildirilib ki, bu dəyişiklik 2019-cu ildə qəbul edilmiş "Vergi sisteminin rəqəmsallaşdırılması" proqramı çərçivəsində aparılır. Hazırda dövriyyəsi 85 min funt sterlinqdən artıq olan müəssisələr vergi hesabatlarını elektron formada təqdim edirlər, kiçik biznes təmsilçiləri və özüməşğul vətəndaşlar isə bəyannamələri öz seçimlərindən asılı olaraq həm elektron, həm də kağız formasında verə bilirlər. Gözlənilir ki, yeni proqram 2022-ci ilin aprelindən dövriyyəsi 85 min funt sterlinqdən az olan şirkətlərin hamısına, 2023-cü ilin aprelindən isə illik mənfəət vergisi və ya əmlakının dəyəri 10 min funt sterlinqdən artıq olanlara şamil ediləcək.
Britaniya vergi xidmətinin məlumatına görə, hazırda ölkənin 1,4 milyondan artıq vətəndaşı öz bəyannamələrini elektron formada təqdim edir.