Yarım ildə hər bir ölkə sakini 335,3 manatlıq müxtəlif ödənişli xidmətlərdən yararlanıb

2020.07.22 14:09 (UTC+04:00)

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkənin rayon və şəhərləri arasında vətəndaşların səfərlərinə qoyulan məhdudiyyətlərin təsiri nəticəsində cari ilin mart, aprel, may və iyun aylarında sərnişin daşınmasında müşahidə olunan ciddi azalmalar, həmçinin bir sıra xidmət sahələrinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlərlə əlaqədar əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir cari ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz azalaraq 3 milyard 339,9 milyon manat olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 509,6 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 75,1 faizini təşkil edib. Cari ilin 6 ayında hər bir ölkə sakini orta hesabla 335,3 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 78,7 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.