Sahibkarlıq subyektlərində növbəti nəzarət tədbirləri keçirilib

2020.07.21 17:14 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə sahibkarlıq subyektlərində iyulun 20-də keçirdiyi monitorinqlərdə Səbail rayonunda “İlqar Market”də, "Qafqaz İndastri" MMC-yə məxsus “Şərab Evi”ndə, “Radima Beauty Center” xidmət obyektində, Nəsimi rayonunda Asif Cəfərova məxsus elektrik malları mağazasında, Ayaz Möhnətova məxsus geyim mağazasında, Xətai rayonunda Kamal Fətullayevə məxsus inşaat materialları mağazasında, Tünzalə Əbilovaya məxsus “Təndir Evi”ndə, Binəqədi rayonunda “24 Saat Market”də, Balış Rüstəmova məxsus mağazada, Elvin Axundova məxsus şirniyyat evində, Sabunçu rayonunda “Araz Market”də, “Bazarstore”da, Məhəmməd Hüseynova məxsus marketdə, Nərimanov rayonunda “Alfa Term elektrik avadanlığı” mağazasında, “Şah ət” dükanında, Lənkəran rayonunda “RVO Market”də, “Ruslan Market”də, “Şovu Market”də, “Stil İnşaat” və Naib Babayevə məxsus “İnşaat” ticarət obyektlərində, Füzuli rayonunda “Mandarin market”də, “Oba market”də, Tamilə Qarayevaya məxsus geyim mağazasında, Zaqatala rayonunda “ETİ Market”də və Nizami Abdurahmanova məxsus xidmət obyektində, ümumilikdə, monitorinq aparılmış 581 obyektin 95-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Nazirliyin əməkdaşları nəzarət tədbirləri zamanı xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyini bir daha sahibkarların diqqətinə çatdırıb, sahibkarlar tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2020-ci il tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə dəyişiklik edilərək, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək kimi əlavə səlahiyyətlər verilib.

Bu səlahiyyətlərə uyğun olaraq, iyulun 20-də 500 obyektdə nəzarət-yoxlama tədbirləri keçirilmiş, bunlardan 32-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Qeyd edək ki, mayın 22-dən iyulun 21-dək monitorinq aparılmış 18651 sahibkarlıq subyektindən 7187-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Nəzarət tədbirləri davam etdirilir.