Elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməsi hallarının qarşısı alınacaq

2020.07.20 17:14 (UTC+04:00)

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, iqtisadi münasibətlərdə şəffaflığın təmin edilməsi, qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsi istiqamətində tədbirləri davam etdirir.

Bu sahədə aparılan işlərin mühüm bir istiqaməti də iqtisadi dövriyyələrin şəffaflaşdırılması, elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatlar üzərində nəzarətin təmin edilməsidir. Bu sahədə əldə olunan əhəmiyyətli irəliləyişlərə baxmayaraq, bəzi hallarda vergi ödəyiciləri tərəfindən əməliyyatlarının mahiyyətinin dəyişdirilməsi yolu ilə vergidən yayınma hallarına yol verilməsinə cəhdlər müəyyən edilir.

Belə ki, son zamanlar Dövlət Vergi Xidməti tərəfindən aparılmış təhlillər nəticəsində yeni nəsil nəzarət-kassa aparatı quraşdırılmış ticarət obyektlərində ticarət fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən nəzarət-kassa aparatına bir çek üzrə istehlakçının istehlak edə biləcəyi məbləğdən yuxarı həddə pul vəsaitlərinin mədaxil olunması halları aşkar edilib.

Vergi xidmətinin tətbiq etdiyi risk qiymətləndirməsinə əsasən, sözügedən hallar faktiki olaraq topdansatış qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirililməsi yolu ilə əqdin faktiki mahiyyətinin dəyişdirilməsi kimi qiymətləndirilir.

Beləliklə, iri həcmli malın fiziki şəxslərə nəzarət-kassa aparatının çeki ilə rəsmiləşdirilməklə satılması digər sahibkarlıq subyektlərinə və ya ayrı-ayrı şəxslərə elektron qaimə-faktura tərtib edilmədən malların satışı əməliyyatının pərdələnməsidir. Faktiki olaraq topdan qaydada satılan mallar bu yolla qeyri-leqal dövriyyəyə daxil olur və “kölgə iqtisadiyyatı”nın genişlənməsinə xidmət edir. Nəticədə vergi orqanı tərəfindən bu malların hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır.

Bu kimi halların aşkar olunması məqsədilə dövlət vergi orqanları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı qanunun tələblərini pozan vergi ödəyiciləri müəyyən edilib və onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Xatırladaq ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim olunmasına görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

İqtisadiyyat Nazirliyi sahibkarları lüzumsuz maliyyə sanksiyalarına məruz qalmamaq üçün malların topdansatışı zamanı qanunvericiliyin tələblərinə əməl olunmaqla elektron qaimə-faktura tərtib etməyə dəvət edir və bildirir ki, vergidən yayınma hallarına yol verən vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir.