Uğurlu göstəricilər Azərbaycan iqtisadiyyatında şəffaflaşmanın sübutudur

2020.07.21 10:12 (UTC+04:00)

İqtisadçı ekspert Fikrət Yusifov iclasda 2020-ci ilin ilk altı ayının sosial-iqtisadi göstəricilərini əks etdirən statistik rəqəmlərə diqqət yetirərək, iqtisadiyyatın şəffaflaşması prosesinin gözəl nəticələr verdiyini bildirib: "Koronavirus pandemiyasının dünya iqtisadiyyatında yaşatdığı problemlər fonunda, demək olar ki, dünyanın bütün ölkələrində iqtisadiyyat resessiya yaşayır. Bu sırada Azərbaycan da var. Bu, tam təbii hal olsa da, Azərbaycan iqtisadiyyatında 2019-cu ilin əvvəllərindən start verilmiş islahatlara uyğun iqtisadiyyatın şəffaflaşması prosesi davam edir. Bunun müsbət nəticələrini konkret olaraq ölkənin qeyri-neft sektorunda elektron qaimə ilə rəsmiləşən dövriyyələrin həcminin artım templəri bir daha sübut edir: ötən ilin 5 ayına nisbətən müvafiq dövrü ərzində qeyri-neft sektorunda elektron qaimə ilə rəsmiləşən dövriyyənin həcmi 6,8 faiz artmışdır. İqtisadiyyatda azalmaların baş verdiyi bir dönəmdə bu göstəricinin artması bilavasitə dövriyyələrin şəffaflaşması prosesinin davam etməsi nəticəsində mümkün ola bilib. Ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində bu rəqəm ötən ilin eyni dövrü ilə müqaisədə 15 faizə qədər yüksəlib. Müqayisə olunan dövrdə özəl sektor üzrə əlavə dəyər vergisinin depoziti hesabına mədaxil də 6,8 faiz, özəl sektorun banklardakı manatla cari hesablaşma hesabının qalığı isə ötən ilin 1 iyun tarixi ilə müqayisədə 39,2 faiz artıb.

Bütün bu göstəricilər pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan iqtisadiyyatında şəffaflaşma prosesinin sürətlə davam etməsinin sübutudur. Bu isə bizə onu deməyə əsas verir ki, postpandemiya dönəmində iqtisadiyyatda daha uğurlu nəticələrin qazanılmasının əsasları kifayət qədər möhkəm olacaqdır.

Fəxriyyə İKRAMQIZI