Millət vəkili Azər Badamov bildirib ki, 2019-cu ildə dövlət idarəetmə sistemində və qanunvericilikdə davam etdirilən geniş islahatlar dünyanı bürüməyə başlamış yeni iqtisadi böhran dövründə ölkə iqtisadiyyatını 2020-ci ili az itkilərlə başa vurmağa imkan verəcəkdir: "Cari ilin altı ayının makroiqtisadi göstəricilərində pandemiyanın dünya iqtisadiyyatına göstərdiyi mənfi təsirləri fonunda ölkəmizdə cəmi 2,7 faiz geriləməni pis nəticə hesab etmək olmaz. Neftin qiymətinin kəskin ucuzlaşmasına, qlobal pandemiyanın təsirindən bir çox sahələrin fəaliyyətlərinə məhdudiyyətlər qoyulmasına, gəlirlərin azalmasına baxmayaraq yarım ildə dövlət büdcəsinin icrasında çətinliyin yaranmamasını ölkədə icra olunan iqtisadi proqramların uğuru hesab edirəm. ÜDM-in azalmasının dünyada baş verən proseslərin tərkib hissəsi olduğunu nəzərə alaraq qeyd etmək istəyirəm ki, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin vaxtında həyata keçirilməyə başlanması cari ilin altı ayında kənd təsərrüfatı 2,2 faiz, qeyri-neft sənayesi isə 11 faiz artmaqla ilin əvvəlindən qeydə alınmış artım templəri qorunmaqdadır. Bu gün pandemiyanın təsirindən turizm sektorunda 48 faiz, tikintidə 14,5 faiz azalma müşahidə olunur. İqtisadi fəallığın qorunması və əhalinin sosial rifahına dəstək proqramlarının icrasına 3,5 milyard manat vəsait ayrılıb.
Qlobal pandemiyanın ölkə həyatına kəskin təsir göstərdiyi bir zamanda ölkədə iqtisadi inkişafın və əhalinin sosial rifahının qorunması üçün İqtisadiyyat Nazirliyi qarşısında yeni vəzifələr qoyuldu. Bu, üç əsas hədəfdən - makroiqtisadi sabitliyin qorunmasından, iş yerlərinin və məşğulluğun saxlanılmaından, məşğulluğun inkişafı və büdcə gəlirlərinin iqtisadi bazası olan daxili tələbin və investisiyaların dəstəklənməsindən ibarətdir. Bu hədəflərin icrası üçün "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması və şəffaflığın təmin olunması istiqamətində atılan addımların davamlı olması vacib şərtdir. Cari ilin 6 ayında vergi və gömrük orqanları xətti ilə ilin əvvəlində proqnozda nəzərdə tutulduğundan 425 milyon manat əlavə vəsaitin dövlət büdcəsinə mədaxil olunması ölkədə "kölgə iqtisadiyyatı"nın azalmasının göstəricisidir. Cari ilin 6 ayında qeyri-neft ÜDM-in 2,1 faiz azalmasına baxmayaraq ticarət əməliyyatlarında rəsmiləşdirilmələrin şəffaflaşdırılması sayəsində ƏDV depozit hesabına mədaxilin 6,8 faiz artması və digər tədbirlər dövlət büdcəsi qarşısındakı müasir dövrün çağırışlarına uyğun yeni öhdəliklərin icrasına imkan verir".
İctimai iaşə və pərakəndə ticarət xidmətlərdə nağdsız əməliyyatların həcminin artırılmasının stimullaşdırılması məqsədilə may ayının 1-dən alınmış mallara görə ödənilmiş ƏDV-nin geri qaytarılması layihəsinin icrası "kölgə iqtisadiyyatı"nın azaldılması tədbirlərində vətəndaşların fəallığını daha da artırır. İndiyədək 10 milyon 400 min çek üzrə 2,7 milyon manat ƏDV istehlakçılara qaytarılıb, 2,4 milyon manat isə 30 gün tamamlananda qaytarılacaq. Təbii ki, fərdi yanaşılmaqla hər bir vətəndaşın iqtisadiyyatın şəffalaşmasına cəlb olunması ölkəmizin inkişafın yeni mərhələsinə keçidini sürətləndirəcəkdir.
Fəxriyyə İKRAMQIZI