Cari ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 9,8 milyard dollar olub

2020.07.20 18:04 (UTC+04:00)

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 9 milyard 852,5 milyon dollar, o cümlədən ixracın dəyəri 5 milyard 687,4 milyon dollar, idxalın dəyəri 4 milyard 165,1 milyon dollar təşkil edib, nəticədə 1 milyard 522,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin eyni ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30,1 faiz, real ifadədə 19 faiz, o cümlədən idxal 42,7 faiz, ixrac isə 2,2 faiz azalıb. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 86,6 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Ukrayna, ABŞ, Hindistan, Almaniya, İsrail, Yunanıstan, Gürcüstan, Xorvatiya, Çexiya, Tunis, Vyetnam, Portuqaliya, İran, İspaniya, Fransa ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,5 faizi Rusiyanın, 14,7 faizi Türkiyənin, 13 faizi Çinin, 8,6 faizi ABŞ-ın, 5,3 faizi Almaniyanın, 4,3 faizi Ukraynanın, 4,1 faizi İtaliyanın, 2,8 faizi İranın, 2,6 faizi Birləşmiş Krallığın, 1,9 faizi Yaponiyanın, 1,7 faizi Koreyanın, 1,6 faizi Fransanın, 1,4 faizi Hindistanın, hər biri 1,2 faiz olmaqla Türkmənistan və Belarusun, 17,1 faizi isə digər ölkələrin payına düşüb. İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, bitki mənşəli məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.

İxracın 34,8 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 4,5 faizini İsrailə, 4,1 faizini Hindistana, 4 faizini Rusiyaya, 3,5 faizini Yunanıstana, hər biri 3 faiz olmaqla Xorvatiya və Ukraynaya, 2,8 faizini Gürcüstana, 2,7 faizini Çinə, 2,3 faizini Çexiyaya, 2 faizini Tunisə, 1,9 faizini Portuqaliyaya, hər biri 1,6 faiz olmaqla Almaniya və Vyetnama, 1,4 faizini İspaniyaya, 1,2 faizini Avstriyaya, 7,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. Beş ayda ixracın 88,4 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql olunmuş, 7 faizini avtomobil, 2,7 faizini dəmir yolu, 1,3 faizini hava, 0,6 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib. İxracın strukturunda xam neft, təbii qaz, neft-qaz məhsulları, meyvə və tərəvəzlər, plastik kütlə və ondan hazırlanan məmulatlar, pambıq lifi və ipliyi, kimya sənayesi məhsulları, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, bitki yağları, şəkər, alkoqollu və alkoqolsuz içkilərin payı üstün olub.