Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Ata Bank” ASC, “Amrah Bank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-nin 14,8 min əmanətçisinə qorunan əmanətlər üzrə “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə 305,2 milyon manat kompensasiya ödəyib.
ADIF-dən bildirilib ki, “Ata Bank” ASC və “Amrah Bank” ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə iyunun 1-dən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pulköçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.
Ləğv prosesində olan “AG Bank” ASC və “NBC Bank” ASC- nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə iyunun 16-dan başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.
Qeyd edək ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.