Özəl sektorda da minimum əməkhaqqı 180 manatdan az ola bilməz

2019.02.11 17:52 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində mövcud olan məlumatlara əsasən, hazırda özəl sektorda 150 minədək işçi 180 manatdan az əməkhaqqı alır.

Prezident İlham Əliyevin 2019-cu il 8 fevral tarixli sərəncamına əsasən, dövlət sektorunda olduğu kimi, özəl sektorda əsas iş yeri və tam iş günü üzrə işləyənlərin də əməkhaqqının minimum məbləği martın 1-dən 180 manatdan az müəyyən edilə bilməz. Özəl sektor üzrə bütün işəgötürənlər əmək müqavilələrində müvafiq dəyişiklik edərək minimum əməkhaqqını 180 manata çatdırmalı və bu dəyişikliyi Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçirib rəsmiləşdirməlidirlər. Nazirlik qeyd olunan elektron sistem vasitəsilə buna ciddi nəzarət edəcək. Minimum əməkhaqqını 180 manat səviyyəsinə çatdırmayanlar bununla əmək qanunvericiliyini pozmuş hesab ediləcəklər və belə olan halda, onlar barəsində aidiyyəti məsuliyyət tədbirləri görüləcək.