Rusiya bazarında Azərbaycan məhsullarının təşviqi ilə bağlı müzakirələr aparılıb

2020.07.18 14:22 (UTC+04:00)

Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyinin Biznes Klubunun təşəbbüsü ilə Rusiya bazarında Azərbaycan məhsullarının təşviqi ilə bağlı onlayn müzakirələr keçirilib.

Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təmsilçilərinin və iş adamlarının iştirakı ilə keçirilən tədbirdə Ticarət Nümayəndəliyinin əməkdaşı Namiq Xəlilov Azərbaycan ixracatçılarının dəstəklənməsi və Rusiya bazarında Azərbaycan məhsullarının təşviqi üzrə kompleks sistem olan “Azərbaycanın Ticarət Evi” layihəsi haqqında iştirakçılara məlumat verib. Bildirilib ki, “Azərbaycanın Ticarət Evi” konsepsiyası Rusiya bazarının xüsusiyyətlərini nəzərə alınmaqla hazırlanmış və icrasına başlanmışdır.

AZPROMO-nun İxracın təşviqi departamentinin direktoru Fuad Cəfərov ölkəmizin ixrac imkanları, ixracın genişləndirilməsi istiqamətində AZPROMO-nun həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Tədbir çərçivəsində iş adamları arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri müzakirə edilib, suallar cavablandırılıb.