Pandemiya dövründə sosial sığorta güzəştləri

2020.07.22 11:29 (UTC+04:00)

“Sosial sığorta haqqında” Qanuna pandemiya dövrü ilə əlaqədar edilmiş dəyişikliklərə əsasən sosial sığorta ödəmələri üzrə güzəştlər iqtisadiyyatın bütün sahələrini əhatə edir.

Mövzunu şərh edən maliyyə mütəxəssisi Vüqar Mirheydərov bildirib ki, bu sahədə güzəştlər 2020-ci il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək olan dövrü əhatə edir. Qeyd edilən dövr ərzində fərdi sahibkarlar (ticarət və tikinti sahəsində fəaliyyət göstərənlər istisna olmaqla) minimum əmək haqqının 25% yox (62,50 manat), 15% məbləğində (37,50 manat) aylıq sosial sığorta haqqı ödəyirlər.

İnşaat və ticarətlə məşğul olan fərdi sahibkarlar üçünsə bu rəqəm minimum əməkhaqqının 50%-ni (125 manat) deyil, 25%-ni (62,50 manat) təşkil edir. Bu dərəcələr yalnız Bakıda fəaliyyət göstərən sahibkarlara tam şəkildə şamil edilir. Ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən fərdi sahibkarların sosial sığorta ödənişləri isə aşağıdakı kimi hesablanır:

- Sumqayıt və Gəncə - yuxarıda hesablanmış məbləğin 90%-i;

- digər şəhərlər - yuxarıda hesablanmış məbləğin80%-i;

- rayon mərkəzləri və qəsəbələr - yuxarıda hesablanmış məbləğin 60%-i;

- kəndlər - yuxarıda hesablanmış məbləğin 50 faizi.

Aşağıdakı fəaliyyətlərdən biri ilə fərdi qaydada məşğul olan şəxslər üçün tətbiq olunan yeni dərəcələraşağıdakı kimidir:

- toy və şənliklərdə ev sahibi, musiqiçi, rəqqasə, aşıq və parodistin fəaliyyəti - minimum əməkhaqqının 5%-i(12,50 manat);

- xüsusi fotoqraf xidmətləri - minimum əməkhaqqının 5%-i (12,50 manat);

- saat, soyuducu və digər məişət texnikası təmirçiləri - minimum əməkhaqqının 3%-i (7,50 manat);

- ev işçisi, dayə, tibb bacısı, fərdi sürücü, aşpaz, bağban, mühafizəçi, bərbər, pinəçi, dərzi, həmçinin ofisiant xidmətlərini həyata keçirən şəxslər - minimum əməkhaqqının 3%-i (7,50 manat);

Bu dərəcələr Bakı üçün 2.0 əmsalına, Abşeron bölgəsi, Sumqayıt və Gəncə üçün 1.5 əmsalına, digər bölgələr və şəhərlər üçün 1.0 əmsalına vurulmaqla tətbiq edilir. Qeyd etmək lazımdır ki, göstərilən şəxslərdən sosial sığorta ödənişləri “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi "haqqında qəbz" əsasında qəbul edilir, həmin şəxslər hesabat təqdim etmək öhdəliyindən azad edilib.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır:

- 5 hektara qədər - əmək qabiliyyətli ailənin hər bir üzvü üçün minimum əməkhaqqının 2%-i;

- 5 hektardan 10 hektaradək - əmək qabiliyyətli ailənin hər bir üzvü üçün minimum əməkhaqqının 6%-i;

- 10 hektardan yuxarı - hər əmək qabiliyyətli ailə üzvü üçün minimum əməkhaqqının 10%-i.

Vəkillər Kollegiyasının üzvləri, müstəqil auditorlar və müstəqil mühasiblər gəlirlərinin 20%i deyil, 10%-i məbləğində sosial sığorta haqqı ödəyirlər.

Fəxriyyə İKRAMQIZI