Azərbaycanın vergi sistemi: dünən, bu gün, sabah

2019.02.11 16:29 (UTC+04:00)

Fərhad Qaraşov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının və KOBİA İctimai Şurasının sədri

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər ən yaxın müddətdə vergi hesabatlarının düzgün, şəffaf, vaxtlı-vaxtında təqdim olunmasına, eləcə də vergi öhdəliklərinin tam və vaxtında ödənilməsinə təkan verəcək. Bundan əlavə, islahatlar nağdsız əməliyyatların təşviqinə və əmək müqavilələrinin daha geniş tətbiqinin gücləndirilməsinə zəmin yaradır.

Qeyri-neft sektorunda gəlir vergisi ilə bağlı güzəşt "kölgə iqtisadiyyatı"nı kölgədən çıxmağa, işçilərin əməkhaqlarını qanunauyğun şəkildə hesablamağa və ödəməyə sövq edir. KOB klaster iştirakçılarının kapital sərmayələrinə yönəlmiş gəlirin 7 il müddətinə gəlir vergisindən azad edilməsi bizim fəaliyyətimiz, kiçik və orta biznesin inkişafı üçün böyük stimul yaradır. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslərin gəlir vergisinə tətbiq edilən azadolmanın 10 ilə qədər uzadılması, mikro sahibkarlıqla məşğul olan hüquqi şəxslərin əldə etdikləri mənfəətin 75 faizinə tətbiq edilən gəlir vergisindən azad olunması kimi islahatların məqsədi kiçik və orta sahibkarlığın, xüsusilə də aqrar sahədə çalışan sahibkarların stimullaşdırılması, əhalinin məşğulluğunun və rifahının artırılmasına xidmət edir.