İqtisadiyyat Naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib ki, “kölgə iqtisadiyyatı”nın həcmi ölçülərkən elektron qaimə ilə rəsmiləşən dövriyyələrə xüsusi fikir verilir. Bu göstərici 2020-ci ilin son beş ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz artmışdır. Qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun 2,1 faiz azaldığı hazırkı resessiya şəraitində bu göstəricinin artması dövriyyələrin şəffaflaşmasının mühüm göstəricisidir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili 2020-ci ilin ilk altı ayının sosial-iqtisadi göstəricilərini əks etdirən statistik rəqəmlər üzərindən müəyyən təhlillərin aparılmasının,böhranlar dövründə diqqətin keyfiyyət dəyişikliklərinə yönəldilməsinin daha zəruri olduğunu vurğulayıb.
Elektron qaimə ilə rəsmiləşdirilən dövriyyənin artımı iqtisadiyyatda şəffaflaşmanın əsas göstəricilərindəndir. Belə ki, son 5 ayda elektron qaimə ilə rəsmiləşən dövriyyənin həcminin 6,8 faiz artması bu sahədə mühüm göstəricidir. Bu rəqəmə ümumi iqtisadi göstəricilər fonunda nəzər salsaq, prosesin dinamikliyi daha aydın görünür. Pərakəndə ticarət dövriyyəsinin 1,7 faiz azalmasına baxmayaraq, rəsmiləşən dövriyyənin 15,3 faiz artması iqtisadiyyatın “ağarması”istiqamətində əsas keyfiyyət göstəcilərindən biri hesab edilməlidir.
Bu ilin ilk altı ayında bəzi sahələrdə istehsalın artdığımüşahidə olunur. Kənd təsərrüfatı istehsalı 2,2 faiz, qeyri-neft sənayesi 11,2 faiz, informasiya və rabitəxidmətləri 4,4 faiz, dövlət büdcəsinin gəlirləri 15,5faiz, əhalinin nominal gəlirləri 0,6 faiz, kredit qoyuluşları 11,9 faiz artıb. Ümumi iqtisadi azalma fonunda əsas istehsal sahələrində artımın davam etməsi müsbət tendensiyadır. Qeyri-neft sənayesi və kənd təsərrüfatında artım dinamikasının saxlanılması istehsal, məşğulluq və iqtisadi təhlükəsizlik baxımından mühüm göstəricidir. Kənd təsərrüfatında məhsuldarlığın artması, yeni metodların tətbiqi ciddikeyfiyyət dəyişməsidir. Əməkhaqqı fondunun 25 faiz artması insanların sosial həyat şəraitinin yaxşılaşması baxımından əhəmiyyətlidir.
2020-ci il iyunun 1-i tarixinə özəl sektorun banklardakı manatla cari hesablaşma hesabının qalığının ötən ilin 1 iyun tarixi ilə müqayisədə 39,2 faiz artması bankdan keçən dövriyyələrin artımının “ağarmasını” təsdiq edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ödəniş kartları ilə aparılan ölkədaxili nağdsız əməliyyatlar 37 faiz, elektron ticarət 53 faiz, internet bankçılığı isə 84 faiz artıb.
Biznes kreditlərinin 1,8 faiz, ipoteka kreditləri 3,2 faiz artması iqtisadi aktivliyin dəstəklənməsi baxımından mühüm faktlardır. Kreditlərin 60 faizdən çox hissəsinin biznes kreditlərinə yönəlməsi gələcək iqtisadi artımı təmin edəcək mühüm amillərdən biridir.
Beləliklə, keyfiyyət göstəricilərinin iqtisadiyyatın əsas hərəkətverici sahələrdə müşahidə olunması onu deməyə əsas verir ki, ümumi azalmalar fonunda sağlam keyfiyyət dəyişikləri iqtisadiyyatdakı azalmaları kompensasiya edərək, gələcəkdə daha güclü artımın əsas dayaqları ola biləcəkdir.
Fərqanə Allahverdiqızı