Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.
Görüşdə Azərbaycan ilə Niderland arasında kənd təsərrüfatı, bərpa olunan enerji, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb, ölkəmizdə yaradılmış nəqliyyat infrastrukturunun, xüsusilə Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanının logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmi vurğulanıb. Söhbət zamanı Azərbaycan-Avropa əməkdaşlığına toxunulub, Avropa İttifaqı ilə qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub. Rene Van der Linden Azərbaycanın sabit bir ölkə kimi regionda çox mühüm bir dövlət olmasının əhəmiyyətini qeyd edib. Görüşdə, həmçinin, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə xüsusi qeyd olunub, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.