Şəffaf vergi sistemi müdafiə qabiliyyətimizin dayağıdır

2020.07.17 14:19 (UTC+04:00)

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarovun çıxışı ictimaiyyət arasında maraqla qarşılanıb.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib ki, nazir Mikayıl Cabbarovun çıxışında diqqət daha çox pandemiyanın iqtisadiyyata mənfi təsirlərinin minimuma endirilməsi ilə özəl sektorda şəffaflaşmanın iqtisadi inkişafda dayanıqlığa gətirib çıxartması arasında məntiqi əlaqənin qurulmasına yönəlmişdir: “Bununla yanaşı,sahibkarlığın maliyyə təminatı istiqamətində aparılan tədbirlər haqqında hesabat verilməsi, mövcud investisiya mənbələrinin təhlil olunması, hesab edirəm ki, gələcəkdə ölkəmizdə sahibkarlığın alternativ kapital mənbələrinə çıxış imkanlarının artırılması yönündə mühüm əhəmiyyət kəsb edir”.

R.Atakişiyev qeyd edib ki, dünyada və Azərbaycanda koronovirus pandemiyasının iqtisadi fəallığa mənfi təsir göstərdiyi bir dövrdə ƏDV depoziti və özəl sektorun banklardakı manatla cari hesablaşma hesabının qalığının artmasının başlıca səbəbi ölkədə 2018-ci ildən başlayaraq şəffaflıq istiqamətində aparılan məqsədyönlü və ardıcıl tədbirlərin nəticəsidir: “Pandemiya dövründə rəsmi fəaliyyət göstərən, öz əməliyyatlarını açıqlayan sahibkarlıq subyektlərinə dövlət tərəfindən dəstəyin verilməsi ilə bağlı tədbirlər planının qəbulu, fiziki şəxslərə və muzdlu işçiləri olan bir sıra işəgötürənlərə birbaşa maliyyə yardımlarının edilməsi, əmək müqaviləsi olan işçilərə, VÖEN-i olan fərdi sahibkarlara sərt karantin dövründə iş icazəsinin verilməsi və başqa digər tədbirlər sayəsində iş adamları şəffaf, açıq işləməyin özləri üçün əhəmiyyətini dərk edərək dövriyyələrini, resurslarını açıqlamağa gündən-günə daha çox maraq göstərirlər.

Düşünürəm ki, bugünkü şəraitdə sahibkarın səngərdə vuruşan ordumuza da ən böyük töhfəsi şəffaf işləyib vergisini ödəməklə müdafiə qabiliyyətimizin möhkəmləndirilməsinə dəstək olmasıdır”.

Fəxriyyə İkramqızı