Pandemiya şəraitində tətbiq edilən müvəqqəti vergi rejimi

2020.07.20 10:09 (UTC+04:00)

Koronavirus pandemiyasına görə tətbiq olunan karantin rejiminin həyatımızın, demək olar ki, bütün sahələrinə göstərdiyi təsir Vergi Məcəlləsində öz əksini tapıb: Məcəlləyə "Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi" adlı yeni, 18-ci fəsil əlavə olunub.

Maliyyə üzrə mütəxəssis Vüqar Mirheydərov qeyd edib ki, bu maddə ilə bütün vergi ödəyicilərinə imtiyazlar verilsə də, imtiyaz və güzəştlərin əksəriyyəti 222.5 maddəsində qeyd olunan iqtisadiyyat sahələrini əhatə edir.

Bu sahələrə aiddir:

- avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;

- yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti;

- turoperator və turagent fəaliyyəti;

- sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti;

- ictimai iaşə fəaliyyəti;

- sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;

- idman-sağlamlıq obyektlərinin fəaliyyəti;

- hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti;

- koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla).

Beləliklə, yuxarıda sadalanan sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri cari vergi ödəmələri haqqında arayış təqdim etmək və və həmin ödənişləri ödəmək məcburiyyətindən 2020-ci ilin sonuna kimi azad ediliblər. Bundan əlavə, son bir ildə heç bir fəaliyyət göstərməmiş, lakin indi fəaliyyət göstərən şəxslər də bu öhdəlikdən azad olunublar. Yəni 2020-ci ildə VÖEN alanların cari vergi ödəmələri barədə arayışı təqdim etməsi və hesablanmış cari verginiödəmələri tələb olunmur. Bir daha qeyd etmək istərdim ki, bu, heç də tamamilə verginin ödənilməsindən azadolunmaq deyil. Sözsüz ki, 2020-ci ilin nəticələrinə əsasən mənfəət vergisi (və ya gəlir vergisi) hesablanıb ödəniləcək, sadəcə il ərzində bu verginin avans şəklində ödənilməsinə möhlət verilib.

Sadələşdirilmiş vergi ödəyicisi olan mikro sahibkarlıq subyektləri 2020-ci ilin birinci və ikinci rübü üçün sadələşdirilmiş vergi bəyannamələrini təqdim edə və onlarda hesablanmış vergi ödənişlərini 1 sentyabr 2020-ci ilədək ödəyə bilərlər.

Əlavə olaraq, Vergi Məcəlləsinin 222.5 maddəsində göstərilən şəxslərə aşağıdakı güzəştlər verilib:

- əmlak vergisi və torpaq vergisindən tam azadolma;

- fiziki şəxslərin əldə etdikləri mənfəətin (gəlirin) 75%-i gəlir vergisi və ya mənfəət vergisindən azadolması;

- ölkə daxilində avtomobil nəqliyyatı sahəsində və ictimai iaşə sahəsində fəaliyyət göstərən şəxslər üçün sadələşdirilmiş vergi dərəcəsinin 50 faiz azaldılması;

- Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi hüququndan istifadə edən şəxslərə bu Məcəllənin 220.1-ci maddəsində göstərilən dərəcə ilə hesablanan sadələşdirilmiş verginin məbləği 50 faiz azaldılması. Sadə dildə desək, 2% vergi dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyiciləri ilin axırına kimi həmin vergini 1% dərəcəsi ilə ödəyəcəklər;

- əhalinin sağlamlığını və qida məhsullarına olan ehtiyacını təmin etmək üçün müəyyən mal növlərinin ƏDV-dən azad edilməsi;

- ödəniş mənbəyindən tutulan vergi fiziki şəxslərdən icarəyə götürülmüş daşınmaz əmlak üçün icarə ödənişlərindən 50% azaldılması (yəni indi icarə ödənişlərindən 14% deyil, 7% vergi ödəniləcək);

-nəhayət, 222.5 maddədə göstərilən şəxslərə 2020-ci il 1 apreldən 2021-ci il yanvarın 1-dək vergi öhdəlikləri üzrə faizlərin hesablanmasınıntətbiq edilməməsi.

Fəxriyyə İkramqızı