Azərbaycanda fərdi sahibkarların sayı 983,8 mini keçib

2020.07.18 15:57 (UTC+04:00)

İyulun 1-nə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 983,8 mini ötüb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə hər 8 fərdi sahibkardan 6-sı “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” və “Nəqliyyat və anbar təsərrüfatı” sahələri üzrə qeydiyyatdan keçib. Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (29 faiz), Aran (21,2 faiz), Gəncə-Qazax (13,8 faiz) və Lənkəran (9,7 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb. Fərdi sahibkarların 78,6 faizini kişilər, 21,4 faizini isə qadınlar təşkil edib. Qadınlar “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 24,5 faizini, “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət sahəsində 30,3 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,7 faizini təşkil edir. Sahibkar qadınların 31,9 faizi Bakıda, 17,7 faizi Aran, 16,1 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.
Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (23,5 faiz), Gəncə-Qazax (25 faiz) və Lənkəran (21,9 faiz) iqtisadi rayonlarında, Naxçıvan Muxtar Respublikasında (21,9 faiz) qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.