Azərbaycanın vergi sistemi: dünən, bu gün, sabah

2019.02.11 14:17 (UTC+04:00)

Eldəniz Səlimov, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü

Ötən il cəmiyyətin inkişaf amili ilə şərtləndirilən və aparıcı dünya təcrübəsi ilə uzlaşdırılan yeni vergi sisteminə keçid istiqamətində ciddi addımlar atıldı. Vergilər Nazirliyi əməkdaşlarının vergi ödəyiciləri və ictimaiyyət nümayəndələri ilə keçirdiyi tədbirlər nəticəsində "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçirilir. Ölkəmizdə aparılan iqtisadi fəaliyyətlər ədalətlilik, bərabərlilik və təxmin edilən vergitutma prinsipləri ilə tənzimlənir.

Vergi güzəştlərinin ünvanlı səciyyə daşıması ayrı-ayrı sahələri stimullaşdırmaqla, ümumilikdə, ölkə iqtisadiyyatının inkişafına xidmət edir. Uzun müddətdir ki, kənd təsərrüfatı sahəsində çalışan vergi ödəyiciləri torpaq vergisindən başqa, digər bütün növ vergilərdən azaddırlar. Bu da aqrar sahənin inkişafına stimul yaradır, insanların torpağa qayıdışını sürətləndirir və nəticədə kənd təsərrüfatının bütün istiqamətlərdə inkişafı təmin olunur. Bu gün sahibkarlarımız istehsal etdikləri məhsulun bir qismini xarici bazarlara Azərbaycan brendi altında çıxarmaqla ölkə iqtisadiyyatının inkişaf səviyyəsini beynəlxalq miqyasda nümayiş etdirir.

Azərbaycanda biznes sahəsində aparılan islahatlar artıq öz bəhrəsini verir. Təsadüfi deyil ki, "Doing Business 2019" hesabatında Azərbaycan islahatçı ölkə kimi dəyərləndirilib. Bu, dövlətimizin başçısının həyata keçirdiyi uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir.