Əlverişli biznes mühiti xarici investisiyalara yaşıl işıq yandırır

2018.11.29 11:03 (UTC+04:00)

2018-ci ilin oktyabr ayı ərzində Azərbaycanda 9.235 (1.147-si hüquqi şəxs, 8.088-i fiziki şəxs olmaqla) vergi ödəyicisi qeydiyyata alınıb. Bu, 2017-ci ilin müvafiq dövrünə nisbətən, 13,8 faiz çoxdur. Oktyabr ayında xarici hüquqi şəxslərin 121 filial və ya nümayəndəliyi, 788 tam xarici investisiyalı müəssisə və xarici investisiyanın iştirakı ilə 190-dan artıq hüquqi şəxs qeydiyyata alınıb. Təkcə cari ilin ilk 10 ayı ərzində qeydiyyata alınmış tam xarici investisiyalı hüquqi şəxslərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 58 faizdən çox artıb. Ümumilikdə respublikamızda xarici investisiyalı hüquqi şəxslərin sayı 9.934-dür. Onlardan 2.511-i xarici hüquqi şəxsin filial və nümayəndəliyi, 2.347-si birgə mülkiyyətli hüquqi şəxs, 5076-sı isə tam xarici investisiyalı hüquqi şəxsdir.

Əcnəbilər artıq "ASAN imza" (e-rezidentlik) əldə etməklə Azərbaycanda yeni şirkəti qeydiyyatdan keçirmək, bank əməliyyatları və müxtəlif ödənişlər aparmaq, vergiləri onlayn şəkildə ödəmək imkanına malikdirlər ki, bu da biznesə asan və rahat başlamaq üçün tamamilə yeni iqtisadi mexanizm deməkdir. Bütün bunlar, təbii olaraq, Azərbaycanda xarici investisiyalı müəssisələrin sayının artmasına səbəb olacaq

Vergi sahəsində davam etdirilən islahatların əsas hədəflərindən biri investisiyaları, xüsusilə də xarici sərmayələri təşviq etməkdir. Vergi qanunvericiliyinə nəzərdə tutulan dəyişikliklərə əsasən, xarici investisiya strategiyasının həyata keçirilməsi üçün səmərəli vergi sisteminin təşviq edilməsi nəzərdə tutulub. Vergilər Nazirliyi xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinin, publik hüquqi şəxslərin dövlət qeydiyyatı və uçota alınması ilə bağlı müvafiq işlər görür. 2018-ci ilin əvvəlindən əcnəbi iş adamlarına e-rezidentliyin verilməsi ilə daha əlverişli investisiya mühiti yaradılıb. İndiyədək xarici hüquqi şəxslərlə bağlı sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğu real vaxt rejimində yoxlanılıb. Qeyri-rezidentlərə "ASAN imza" sertifikatının verilməsi ilə bağlı nazirlik tərəfindən "Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə istifadəçi təlimatı"na dəyişiklik edilib, bu sahədə müvafiq proqram təminatı yaradılıb, hüquqi və texniki infrastruktur təmin olunub. Oktyabrın sonlarında qeyri-rezidentlərə ilk mobil rezidentlik təqdim olunub. Əcnəbilər artıq "ASAN imza" (e-rezidentlik) əldə etməklə Azərbaycanda yeni şirkəti qeydiyyatdan keçirmək, bank əməliyyatları və müxtəlif ödənişlər aparmaq, vergiləri onlayn şəkildə ödəmək imkanına malikdirlər ki, bu da biznesə asan və rahat başlamaq üçün tamamilə yeni iqtisadi mexanizm deməkdir. Bütün bunlar, təbii olaraq, Azərbaycanda xarici investisiyalı müəssisələrin sayının artmasına səbəb olacaq.

Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı "İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncamla qarşıdakı illərdə ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi məqsədilə islahatların genişləndirilməsi, investisiyaların qorunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi əsas məsələlər kimi qarşıya qoyulub. Sənədə əsasən, aidiyyəti dövlət orqanlarına vergi, gömrük, fiskal, maliyyə, biznes mühiti sahələrində xarici investorların hüquqlarının qorunması mexanizmləri, onlara dövlət zəmanəti verilməsi qaydası, mübahisələrin danışıqlar, məhkəmə, həmçinin arbitraj yolu ilə həlli üsulları (beynəlxalq arbitraj qaydalarının müddəaları nəzərə alınmaqla), investorlara vurulmuş zərərin, o cümlədən itirilmiş mənfəətin qaydası və digər məsələlərin həllinə dair tapşırıqlar verilib.

"Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivləri üzrə Strateji Yol Xəritəsi"nin Tədbirlər Planında Vergilər Nazirliyi üçün müəyyən edilmiş əsas istiqamətlərdən biri xarici investisiyalar üçün əlverişli vergi mühitinin təmin edilməsidir. İnvestorlara dəstək məqsədilə iş icazələrinin alınması və sahibkarlıq subyektlərinin qeydiyyatı, potensial biznes tərəfdaşları ilə əlaqələrin qurulması, məqsədyönlü subsidiyalar yolu ilə layihələrin maliyyələşdirilməsi və digər tədbirlər prioritet hesab olunur. Azərbaycanda iqtisadi artım və inkişaf məqsədlərinə uyğun xarici investisiyaların cəlb edilməsi və həcminin artırılması istiqamətində mühüm təşəbbüslərın həyata keçirilməsi əsas hədəflərdəndir.

ELBRUS