İlin axırınadək özünüməşğulluq proqramına qoşulan ailələrin sayı 12 minə çatdırılacaq

2020.07.17 12:53 (UTC+04:00)

Özünüməşğulluq proqramının əsas hissələrindən olan işsizlərə dəstək proqramı bu il genişləndirilərək 12 min ailəni əhatə edəcək.
İyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin dediyinə görə, həmin proqrama həm Dünya Bankı qoşulub, həm də BMT-nin İnkişaf Proqramı ilə birgə layihə davam etdirilib: "Heydər Əliyev Fondunun Regional İnkişaf Birliyi və yerli banklar aktiv şəkildə bizimlə əməkdaşlıq edir. Qeyd edim ki, artıq 3500 ailə bu proqrama cəlb edilib, ilin sonunadək onun sürətlə icrası üçün də müvafiq tədbirlər görülür. Çünki xüsusilə təlimlərin keçirilməsi ilə bağlı karantin rejimindən irəli gələn müəyyən məhdudiyyətlər var. Ona görə də onlayn təlimlərə üstünlük verərək, ilin sonunadək 12 min ailəyə çatdırmağa çalışacağıq. Xüsusi elektron portalda həm müraciətçilər, həm aktiv alanlarla bağlı bütün məlumatlar ictimaiyyətə tam şəkildə açıqlanır".