ABŞ-ın Beynəlxalq Ticarət Məhkəməsi Türkiyədən idxal olunan polad üçün əlavə vergini Konstitusiyaya zidd sayıb

2020.07.17 13:37 (UTC+04:00)

ABŞ Beynəlxalq Ticarət Məhkəməsi Prezident Donald Trampın Türkiyədən idxal edilən poladla bağlı gömrük vergisini ikiqat artırmaq qərarının Konstitusiyaya zidd olduğu barədə qərar verib.

Məhkəmənin qərarında Türkiyədən idxal edilən polada görə gömrük tarifinin ikiqat artırmaq qərarının üsul baxımından əslandırılmadığını və Konstitusiyanın “bərabər qoruma zəmanətinə” zidd olduğu bildirilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 2018-ci ilin mart ayında Türkiyədən idxal edilən polad üçün tətbiq olunan gömrük vergisi tarifini 25 faizdən 50 faizə qaldırtmaq barədə qərar vermişdi və Türkiyə hökuməti bu qərarın Dünya Ticarət Təşkilatının (DTT) qaydalarına uyğun olmadığını bildirərək DTT-yə şikayət etmişdi.

ABŞ Prezidentinin bu qərarından sonra Türkiyə də ABŞ mənşəli bəzi məhsullar üçün idxal vergisini eyni nisbətdə artırmışdı.

2019-cu ilin may ayında ABŞ Türkiyədən idxal olunan polad məhsullarına tətbiq etdiyi əlavə vergiləri 50 faizdən 25 faizə endirmişdi.

Beləliklə, ABŞ Beynəlxalq Ticarət Məhkəməsi ABŞ hökuməti tərəfindən Türkiyədən idxal edilən polada tətbiq edilən gömrük vergisinin ikiqat artırılmasının ölkə Konstitusiyasına zidd olduğunu rəsmiləşdirib.