Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin birinci yarısında 436 milyon manat çox sosial vəsait ödənilib

2020.07.16 11:40 (UTC+04:00)

Bu ilin ilk yarısında bütün sosial ödənişlər vaxtında, hətta pandemiya dövründə vaxtından əvvəl həyata keçirilib. Bu sosial ödənişlər çərçivəsində ötən ilin analoji dövrü ilə müqayisədə 24 faiz artıq, yəni 436 milyon manat çox vəsait ödənilib.

Bu barədə iyulun 15-də Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev məlumat verib.

Pensiyaların indeksasiyası ilə əlaqədar bu ilin əvvəlində qəbul edilən qərara uyğun olaraq 1,2 milyon pensiyaçının pensiyalarının 16,6 faiz artırıldığını diqqətə çatdıran nazir deyib: “Bunun nəticəsində də orta pensiyamız ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artaraq 297 manata, yəni, faktiki olaraq 300 manata yaxınlaşıb. Eyni zamanda, pandemiya dövründə 750 min şəxsə müavinət və təqaüdlər yenə də vaxtından əvvəl ödənilib. Bu məqsədlər üçün ötən ilin 6 ayı ilə müqayisədə 151 milyon manat və ya 45 faiz artıq vəsait ödənilib. Habelə pensiya, müavinət, təqaüd ödənişlərinin elektronlaşdırılması xüsusi karantin rejimində əhalinin mobilliyinin azaldılması baxımından çox böyük önəm kəsb edirdi. Bu ilin altı ayı ərzində pensiya və təqaüdlərin 53 mini məhz tam elektron qaydada, məmur-vətəndaş təması olmadan həyata keçirilib. Eyni zamanda, 324 min insana elektron qaydada arayışlar təqdim edilib”.