Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) sahibkarlar arasında keçirdiyi sorğunun nəticələrinə görə, biznesin çətinliklərindən biri də maliyyə əlçatanlığı ilə bağlıdır.
ASK-nın vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, xüsusən COVİD-19 pandemiyası ilə əlaqədar karantin dövründə ölkə iqtisadiyyatına dəyən ziyanı aradan qaldırmaq üçün sahibkarlara dəstək istiqamətlərindən biri məhz kreditlərə dövlət zəmanəti mexanizmini işə salmaq idi: “Hökumətə verdiyimiz təkliflərdən biri maliyyə əlçatanlığı ilə bağlı məsələ idi və artıq bu mexanizm də işə düşüb”.
V.Zeynalovun sözlərinə görə, sahibkarlar üçün Elektron Kredit Platformasınn yaradılması birinci növbədə sahibkar və məmur təmasını azaldır. Digər tərəfdən də bu, sahibkar üçün kreditləri daha əlçatan edir. Hazırda bu sahədə bizə düşən ən vacib iş sahibkarları sistemə qoşulma qaydaları haqqında məlumatlandırmaqdır: “Bu sistem tam işə düşsə,sahibkarlar mövcud kreditlərini təklif olunmuş subsidiyalarla birlikdə restrukturizasiya etsələr, kiçik və orta sahibkarlıq müəssisələrinin işi əhəmiyyətli dərəcədə asanlaşar. Xüsusilə sistemdə bir ilə qədər güzəştin tətbiq edilməsi sahibkalara tam ayağa qalxmaq üçün müəyyən möhlət əldə etmək imkanı verir”.
ASK-nın vitse-prezidenti vurğulayıb ki, təklif edilən yeni kreditləşmə mexanizminin özü bir yardımdır. Çünki burada girovun və faizin bir hissəsini dövlət qarşılayır, sahibkarlara bir ilə qədər güzəştlər verilir. Sahibkarlar isə dəstək mexanizmləri barədə məlumatlı, eyni zamanda həmin mexanizmdən yararlanmaq üçün innovativ olmalıdırlar.
Fəxriyyə İkramqızı