İyulun 14-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104007775 ISIN-li, 30 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 89.2857 AZN (12.0661 faiz) və 93.085 AZN (7.4696 faiz) olan 23 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 92.6474 AZN (7.9798 faiz), orta ölçülmüş qiyməti 92.6945 AZN (7.9246 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 122 milyon 959 min 400 AZN, yerləşdirilmiş həcmi isə 45 milyon AZN təşkil edib. Buraxılış şərtinə uyğun olaraq, tələb təklifi üstələdiyi üçün emitent buraxılış həcmindən əlavə 50 faiz (15 milyon) artığını təmin edib. İstiqrazlar gələn il iyulun 13-də ödəniləcək. Hərrac iştirakçıları iyulun 15-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.