Almaniyanın hazırladığı maliyyə fondu vergi risklərini aradan qaldıracaq

2020.07.14 13:39 (UTC+04:00)

Avropa Komissiyası COVİD-19 pandemiyası ilə əlaqədar şirkətlərin üzləşdikləri çətinliklərin öhdəsindən gələ bilmələrinə dəstək vermək üçün Almaniyanın hazırladığı 500 milyard avro məbləğində fondu təsdiqləyib.

Fondun 400 milyard avroluq hissəsini şirkətlərin borclanması və buna oxşar tələblər üçün veriləcək zəmanətlər təşkil edəcək; qalan hissə isə şirkətlərə sərmayə tipli kreditlər verilməsi, kapital əsaslı maliyyə alətləri və birgə sərmayə alətləri kimi təkrar sərmayə vasitələri qismində istifadə ediləcək.

Avropa Komissiyası sədrinin müavini Marqret Vestager Almaniyanın hazırladığı fondun şirkətlər üçün 500 milyard avro dəyərində likvidlik və sərmayə dəstəyi kimi istifadə ediləcəyini vurğulayaraq bu yolla vergi ödəyicilərinin üzərinə düşən riskin iqtisadi yolla aradan qaldırılacağını bildirib.

Vestager maliyyə mənbəyindən istifadə şərtlərinin arasında divident və bonus ödəmələri qadağaları kimi məhdudiyyətlərin olduğuna da diqqət çəkib.