Energetika Nazirliyi bu ilin yanvar-iyun aylarında Azərbaycan üzrə elektrik enerjisinə dair operativ məlumatları açıqlayıb.
Nazirlikdən bildirilib ki, 6 ayda respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,2 milyon kilovat/saat artaraq 12 milyard 950,2 milyon kilovat/saat olub.
Hesabat dövründə ötən ilin 6 ayına nisbətən elektrik enerjisinin istehsalı istilik elektrik stansiyalarında (İES) 27,8 milyon kilovat/saat artaraq 12 milyard 84 milyon kilovat/saat, su elektrik stansiyalarında (SES) 199,9 milyon kilovat/saat azalaraq 680,3 milyon kilovat/saat, digər mənbələr (külək, günəş elektrik stansiyaları və Bərk Məişət Tullantılarının Yandırılması Zavodu) üzrə isə 0,4 milyon kilovat/saat azalaraq 185,9 milyon kilovat/saat olub.