Azərbaycanın vergi sistemi: dünən, bu gün, sabah

2019.02.11 11:48 (UTC+04:00)

Azər Badamov, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü

Vergi sistemi dövlətin onurğa sütunu hesab olunur. Mükəmməl qurulmuş vergi siyasəti dövlət büdcəsinin gəlirlər hissəsinin düzgün formalaşmasına, ölkədə sahibkarlığın inkişafına, makroiqtisadi sabitliyin qorunmasına və ölkə iqtisadiyyatının möhkəmlənməsinə xidmət edir. Son illər ölkəmizdə aparılan iqtisadi islahatların əhatə dairəsi genişlənərək yeni sahibkarlıq subyektlərinin yaranmasına meydan verib. Vergi sahəsindəki dəyişikliklər bu sistemdə yeni yanaşmanı ortaya qoyub, sahibkarların vergi orqanları ilə əməkdaşlığa baxışlarını dəyişib. Əvvəlki illərdə vergi işçisi sahibkarı qorxu içində saxlayırdısa, sahibkarı artıq ödənişlərə təhrik edərək iflasa doğru aparırdısa, indi vergi işçisi ilə sahibkar arasında tərəfdaşlıq münasibətləri formalaşıb. Son zamanlar sahibkarlarla görüşlərimizdə onların öz dilindən bu yanaşmadan razı qaldıqlarını və dövlətə vergi ödəməkdən fərəh duyduqlarını eşitmək olur.

Ötən il vergi sistemində aparılan geniş struktur və institusional islahatlar, bu il Vergi Məcəlləsində qüvvəyə minmiş dəyişikliklər vergi xidmətinin fəaliyyətində şəffaflığın artmasına və sahibkarlıq şəbəkəsinin genişlənməsinə şərait yaradıb. Vergiyə cəlb olunan sahibkarlıq subyektlərinin kateqoriyalara bölünməsi iqtisadiyyatda ədalətli rəqabət mühitinin formalaşdırılmasına imkan verib. Qanunvericiliklə mikro, kiçik və orta sahibkarlığın meyarlarının müəyyənləşdirilməsi nəticəsində sahibkarlıq subyektlərinin hər təbəqəsi üçün fərqli vergi tətbiq edilir. Burada əlavə dəyər vergisinin ödəyiciləri konkretləşdirilib, sadələşdirilmiş verginin ödəyicilərinin əhatə dairəsi məhdudlaşdırılıb, "kölgə iqtisadiyyatı"nın azalması və mühasibatın şəffaf aparılmasında yeni tələblər ortaya qoyulub. Ümumiyyətlə, qanunvericilikdə edilmiş son dəyişikliklər vergi sisteminin yanaşmasında qarşıya sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi kimi yeni mütərəqqi istiqamətlər qoyub.

Sonda 11 fevral - vergi xidməti işçilərinin peşə bayramı münasibətilə bu sahədə çalışan bütün insanları təbrik edir, bu məsuliyyətli və şərəfli peşənin layiqli icra edilməsində onlara uğurlar arzulayıram.