Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak koronavirus epidemiyasından sonra iqtisadiyyatın yenidən canlandırılması üçün hökumətin 30 milyard funt sterlinq (64,1 milyard manat) həcmində investisiya planı barədə açıqlama verib.
Nazir parlamentdəki çıxışında hökumətin virus epidemiyası ilə bağlı işləməyənlərə haqqı ödənilməklə evdə qalmağa icazə proqramı çərçivəsində dəstəyinin sentyabr ayının sonuna qədər davam edəcəyini, proqram başa çatandan sonra isə müəssisələrdə çalışanların hər biri üçün 3 ay ərzində 1000 (2137 manat) funt sterlinq əlavə dəstək veriləcəyini bildirib.
Sunak, “Məşğulluğun qorunması bonusu” adlandırılan bu proqramın hökumətə ümumilikdə 9,4 milyard funt sterlinqə (20 milyard manat) başa gələcəyini qeyd edib.
Maliyyə naziri İctimai iaşə, qonaqlama sahəsində tətbiq olunan əlavə dəyər vergisinin müvəqqəti olaraq 20 faizdən 5 faiz səviyyəsinə endiriləcəyini vurğulayıb. Avqust ayında həyata keçiriləcək “Evdən kənarda ye və yardımçı ol” proqramı çərçivəsində restoranlarda yemək yeyənlərin 50 faiz səviyyəsində endirimdən faydalana biləcəyi, bunun ümumi dəyərinin 500 milyon funt sterlinq (1 milyard manat) olacağı və 1,8 milyon insanın məşğulluğunu davam etdirməsinə yardım edəcəyi bildirilib. Bu proqrama əsasən bazar ertəsi¸ çərşənbə axşamı və çərşənbə günləri restoranlarda yemək yeyən hər kəs 10 funt sterlinqə qədər dövlət dəstəyindən istifadə edə biləcək.