İsveç hökuməti plastik torbaların satışını azaltmaq məqsədilə may ayının 1-də hər torba üçün 3 kron (55 qəpik) vergi tətbiq ediləcəyini açıqlamışdı. Bundan sonra marketlərdə hər plastik torba üçün müştərilərdən 7 kron (1 manat 30 qəpik) pul tutmağa başlyıb. Ölkənin ən böyük supermarketlər şəbəkəsi sayılan “ICA”, “COOP” və “Axfood” plastik torba satışının 70 faiz azaldığını bildirib.
Qeyd edək ki, plastik torbalara vergi tətbiq olunmasının əsas məqsədi qablaşdırma tullantılarının həcmini azaltmaqdır. İsveçin Ətraf Mühitin Mühafizəsi İdarəsinin məlumatına görə, keçən il ölkədə adambaşına 75 ədəd plastik torba istehlak olunub. Hökumətin hədəfi 2025-ci ilə qədər bu göstəricinin 40-a endirilməsidir. İsveç hökuməti bu il “torba vergisi”ndən dövlət xəzinəsinə 2 milyard kron (370 milyon manat) vəsait daxil olacağını proqnozlaşdırır.