Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2020.07.07 17:46 (UTC+04:00)

İyulun 7-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105012782 ISIN-li, 20 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 95.0269 AZN (12.9 faiz) və 101.0892 AZN (9.39 faiz) olan 20 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100.9454 AZN (9.47 faiz), orta ölçülmüş qiyməti 100.9641 AZN (9.4596 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 73 milyon 20 min 100 AZN, yerləşdirilmiş həcmi isə 30 milyon AZN təşkil edib. Buraxılış şərtinə uyğun olaraq, tələb təklifi üstələdiyi üçün emitent buraxılış həcmindən əlavə 50 faiz (10 milyon) artığını təmin edib. İstiqrazlar 2022-ci il iyulun 5-də ödəniləcək.

Hərrac iştirakçıları iyulun 8-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.