2019-cu ilin əvvəlindən Azərbaycanda pensiyalar, ötən ilin son aylarında isə müavinət və təqaüdlər üzrə elektron təyinat sistemi (ümumilikdə 21 e-təyinat sistemi) işə salınıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bu il iyulun 1-nə olan məlumata əsasən, həmin e-təyinat sistemləri vasitəsilə ötən dövrdə 85 mindən çox şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb. Onlardan 25 min 100 nəfərə e-qaydada pensiya, 60 min nəfərə e-qaydada müavinət və təqaüd təyin olunub.
Həmin e-təyinat sistemləri vətəndaşların pensiya, müavinət və təqaüd hüquqları yaranan zaman onlara proaktiv qaydada xidmət göstərməyə imkan yaradıb. Nəticədə həmin şəxslər hansısa quruma müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan onlara müvafiq sosial təminat növləri üzrə e-təyinatlar həyata keçirilir.