Pandemiya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq

2020.07.06 18:37 (UTC+04:00)

İqtisadiyyat Nazirliyində pandemiya ilə mübarizə tədbirlərində cəmiyyətin müxtəlif təbəqələrinin fəal iştirakının təmin olunması, bu istiqamətdə birgə səylərin və təşəbbüslərin birləşdirilməsi üçün onlayn görüşlər davam etdirilir.

Bu istiqamətdə növbəti videokonfrans vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə təşkil olunub.

İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, müxtəlif sahələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbər şəxlərinin iştirakı ilə keçirilmiş onlayn görüşdə qeyd edilib ki, cəmiyyətin digər üzvlər kimi, vətəndaş cəmiyyəti institutları da pandemiya ilə mübarizə tədbirlərində fəal iştirak etməlidir. Vurğulanıb ki, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə, xüsusilə də qoruyucu maskalardan istifadə, sosial məsafənin saxlanılması və dezinfeksiyaedici vasitələrdən istifadə kimi vacib şərtlərə əməl edilməsi üçün qeyri-hökumət təşkilatları məlumatlandırma və maarifləndirmə tədbirlərinə öz töhfələrini verməli, koronavirus infeksiyasına məsuliyyətsiz yanaşan insanlara qarşı ictimai qınaq formalaşdırılmalıdır.

Videokonfransda Azərbaycan hökuməti tərəfindən həyata keçirilən sistemli tədbirlərə dəstək məqsədilə dövlət-vətəndaş cəmiyyəti platforması çərçivəsində birgə layihələrin, maarifləndirmə işlərinin görülməsinə, ictimai aksiyaların təşkilinə dair fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib və birgə layihələrin icrası barədə razılığa gəlinib.