Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kütləvi-informasiya vasitələrinə müsahibəsində deyib ki, pandemiya dövrü olmasına baxmayaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən, bu il də heç bir sosial proqram ixtisar edilməyəcək. Əksinə, həmin proqramlar daha da genişlənir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, nazir bu ilin may və iyun aylarında 300 mənzilin şəhid ailələri və müharibə əlillərinə verildiyini bildirib. Onun verdiyi məlumata görə, bu günlərdə nazirlik tərəfindən daha 200 mənzil alınıb. Xüsusi karantin dövrü bitəndən sonra həmin mənzillər də şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək. Ümumilikdə, mənzillə təminat prosesi il ərzində davam edəcək, ötən il 934 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilibsə, bu il həmin təbəqədən olanlara ən azı 1500 mənzil təqdim ediləcək.
S.Babayev bildirib ki, həmçinin bu il artıq 100 avtomobil müharibə əlilləri və onlara bərabər tutulanlara verilib. Bu il üçün 400 avtomobilin həmin kateqoriyadan olan vətəndaşlara verilməsi nəzərdə tutulub.
Ümumilikdə indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7900-ə yaxın mənzil və fərdi ev, müharibə əlilləri və onlara bərabər tutulanlara 6850 minik avtomobili verilib.