Böyük Britaniya Rusiya vətəndaşlarının maliyyə hesabları haqqında məlumat yaymaqdan imtina edib

2020.07.03 13:13 (UTC+04:00)

Böyük Britaniya maliyyə hesabları barədə 2019-cu ilə aid məlumatların avtomatik mübadiləsi üçün tərtib etdiyi siyahıya Rusiya Federasiyasını daxil etməyib. Siyahı Britaniya hökumətinin rəsmi internet saytında nəşr olunub.

Böyük Britaniya Rusiya vətəndaşlarının hesabları ilə bağlı məlumatları ilk və son dəfə 2018-ci ildə paylaşıb: həmin hesabat 2017-ci ilin göstəricilərini əhatə edib. Son iki ildir ki, Britaniya hökuməti heç bir rəsmi açıqlama vermədən Rusiyanı avtomatik məlumat mübadiləsi siyahısına daxil etmir. Ekspertlər bunu digər ölkələrin Britaniya vergi orqanlarına etimadını azaltmamaq niyyəti ilə izah edirlər.

Qeyd edək ki, vahid hesabatlılıq sistemi (CRS) üzrə avtomatik məlumat mübadiləsi müxtəlif ölkələrin vergi orqanları arasında əməkdaşlığın formalarından yalnız biridir. Rusiya Federasiyası ilə Böyük Britaniyanın vergi orqanları əvvəlki kimi özlərinin transmilli şirkətlərinin müxtəlif yurisdiksiyalardakı maliyyə əməliyyatları barədə məlumatların mübadiləsini fərdi sorğular əsasında davam etdirirlər.