Paytaxt sənayesində qeyri-dövlət sektorunun payı 78,4 faiz olub

2020.07.01 18:06 (UTC+04:00)

Yanvar-may aylarında paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 12,5 milyard manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumatda bildirilir ki, sənaye məhsulunun 75,2 faizi mədənçıxarma, 21,9 faizi emal, 2,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 78,4 faiz təşkil edib. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 84,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 15,1 faiz olub. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında iyunun 1-nə 263,2 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 72,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.