“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 2019-cu ilin yekunlarına dair maliyyə hesabatları dərc olunub.
QSC-dən bildirilib ki, müstəqil auditor şirkəti tərəfindən aparılan maliyyə yoxlamaları nəticəsində müsbət rəy verilən maliyyə hesabatlarına əsasən, “AzerGold”un ötən ili də yüksək gəlir və mənfəətlə başa vurduğu, bütün göstəricilər üzrə mövqeyini daha da möhkəmləndirdiyi təsdiqini tapıb. Ümumilikdə, 2019-cu ildə 2018-ci illə müqayisədə cəmiyyətin qızıl hasilatında 21,4 faiz, gümüş hasilatında isə 33,3 faiz artım qeydə alınıb. QSC-nin maliyyə hesabatlarında qeyd edildiyi kimi, hesabat ili ərzində dünya bazarlarında qızıl və gümüşün qiymətinin artması fonunda qiymətli metalların satışından ölkə iqtisadiyyatına 86,2 milyon ABŞ dolları həcmində vəsait cəlb edilib ki, bu da 2018-ci illə müqayisədə 48 faiz (27,8 milyon dollar) daha çoxdur. Nəticədə, “AzerGold”un xalis mənfəəti 2018-ci illə müqayisədə 55 faiz həcmində artaraq 12,4 milyon dollar təşkil edib.
Maliyyə hesabatı və digər maliyyə göstəriciləri üzrə məlumatları QSC-nin rəsmi saytında əldə edə bilərsiniz.