Dövlət Turizm Agentliyi: Ümumdaxili məhsulun formalaşmasında turzimin payı 2,6 faizdən 1,7 faizə düşüb

2020.07.01 14:41 (UTC+04:00)

Pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biri də turizm sahəsidir. Dünya turizmi faktiki olaraq sıfır nöqtəsindədir və bu sahədə müşahidə edilən böhran qlobal xarakter daşıyır. Azərbaycana səfər edən xarici vətəndaşların cari ilin may ayı üzrə statistik göstəricilərini 2019-cu ilin eyni dövrü ilə müqayisə etdikdə 90 faiz azalmanın müşahidə olunduğunu görə bilərik.

Ötən illə müqayisədə daxili turizmdə səfərlərin sayı 1 milyona qədər azalıb, ümumdaxili məhsulun formalaşmasında turzimin payı 2,6 faizdən 1,7 faizə düşüb.

Bu barədə Dövlət Turizm Agentliyindən bildirilib.

Qurumun məlumatına əsasən, ümumiyyətlə, turizm sahəsinin iqtisadiyatın digər sahələrindən fərqli xüsusiyyəti bundan ibarətdir ki, dünyanın üzləşdiyi məlum problem səbəbindən bu sahədəki vəziyyəti yaxşıya doğru dəyişmək qısa zaman kəsiyində mümkün olmayacaq.

Bütün bunları nəzərə alaraq, turizmin bərpası dörd mərhələdən - hazırlıq, daxili turizimin bərpası, bir sıra ölkələrlə sərhədlərin açılması və bütün dünya ilə sərhədlərin açılması mərhələlərindən keçəcək. Həmçinin turizmin pərpası üçün ölkələri ziyarət edəcək insanların psixoloji durumu əsas götürülməlidir. Burada əsas kriteriya o olmalıdır ki, insanların sağlamlığının qorunması əsas şərt kimi qəbul edilsin. Yəni insanlar yeni şərtlərə adaptasiya olunmalıdırlar.

“Ölkəmizdə turizm sahəsinin inkişafı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı ilə əhatələnib. Bu sahə neft və qaz sənayesindən sonra ölkə iqtisadiyyatına gəlir gətirən ikinci sahədir. Turizm həm biznesdir, həm də ölkənin tanıtımıdır. Hazırda turizmə dəstək olacaq təkliflər ondan ibarətdir ki, bundan əvvəlki kimi, bu sahəyə dəstək davamlı olsun. Bu gün ümumi iqtisadiyyat subyektlərinə edilən yardım çərçivəsində turizmə və bu sahədə çalışan insanlara da yardım göstərilib. Bu yardımın məbləği təxminən 7 milyon 800 min manata yaxındır. Bunun 7 milyon 200 mini maaşların ödənilməsi üçün sərf edilib. Qalan məbləğ isə ötən il ödənilən vergilərin bir qisminin qaytarılmasını ehtiva edir”, - məlumatda belə deyilir.

Vurğulanır ki, dövlətimizin başçısı bir sıra beynəlxalq təşkilatların rəhbərləri ilə görüşü zamanı davamlı olaraq, turizm sahəsinin ən çox ziyana uğramış sahələrdən biri olduğunu qeyd edib. Prezidentimiz Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə görüşü zamanı da turzim sahəsinə davamlı yardım göstərilməsinin vacibliyini diqqətə çatdırıb.

“Dövlət Turizm Agentliyi olaraq bütün turizm sənayesi subyektlərinə iş yerlərini qorumaları üçün müraciət etmişik. Turizm sahəsində insan resurslarından daha çox şey asılıdır. Burada itirilən insan potensialını bərpa etmək sonradan çətinliklər yarada bilər. İndiki mərhələdə əsas məsələ iş yerlərinin itirilməməsi məsələsidir. Bu istiqamətdə də təkliflər hazırlanır və müzakirə edilir”, - deyə bildirilir.