ABŞ-da 1,1 milyon "ölü can" üçün yardım çeki göndərilib

2020.07.01 13:57 (UTC+04:00)

ABŞ-ın Hesabatlılıq Ofisinin Konqresdəki son məruzəsində koronavirusla bağlı dövlətin ayırdığı yardım paketi barədə maraqlı məlumat yayılıb.

Vergi ödəyicilərinin ailə üzvlərinə adambaşı 1.200 dollar, əlavə olaraq hər bir uşaq üçün də 500 dollar göndərilməsini nəzərədə tutan yardım paketi çərçivəsində 2018-2019-cu illərdə vergi ödəmiş şəxslərin bank hesablarına və ünvanlarına çeklər göndərilib. Hesabatlılıq Ofisinin hesabatında göstərilir ki, mart ayında başlayan çek ödəmələrində ölmüş şəxslər nəzərə alınmadığına görə həyatda olmayan 1,1 milyon adamın adına 1,4 milyard dollar həcmində yardım çeki göndərilib.

ABŞ Vergi İdarəsinin (İRS) rəsmi veb səhifəsində mayın 6-da ölmüş insanlara göndərilmiş pulların geri qaytarılması üçün xəbərdarlıq mətninin nəşr olunduğuna diqqət yönəldilən hesabatda qeyd edilib ki, "ABŞ Vergi İdarəsi ölmüş insanlara göndərilən pulların geri necə qaytarılacağına dair hələ hər hansı açıqlama verməyib".