Mühasibat və vergi üzrə ekspert Ramin Ramazanov bu məsələyə aydınlıq gətirərək bildirib ki, qeyri-rezidentin Azərbaycan Respublikası ərazisində göstərdiyi xidmətə görə əldə etdiyi gəlirlərdən vergi Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən tutulduğu halda, həmin xidmətlərə görə ƏDV 169-cu maddəyə əsasən hesablanıb büdcəyə ödənilməlidir.
Tutaq ki, Azərbaycanda daimi nümayəndəliyi olmayan "B" qeyri-rezident şirkəti ƏDV ödəyicisi olan rezident "A" şirkətinə xidmət göstərib. Müqavilə üzrə göstərilmiş xidmətin dəyəri 1.000 ABŞ dollarıdır. Qeyri-rezidentə ödəniş zamanı, ilk növbədə, müqavilənin şərtlərinə baxmaq lazımdır. Burada iki variant mümkündür. Şərtlərə əsasən, 1.000 dolların net, yoxsa gross məbləğ olması müəyyənləşdirilməlidir.
Misal 1. Müqavilənin şərtlərinə əsasən, qeyri-rezidentdə ödəniləcək məbləğdən ödəmə mənbəyində tutulan vergi tutulduqdan sonra qalan hissə qeyri-rezidentə ödənilməlidir. Bu halda, verginin tutulması aşağıdakı kimi olacaqdır:
1000*10% ÖMV= 100 USD
1000*18% ƏDV= 180 USD
Misal 2: Müqavilənin şərtlərinə əsasən, qeyri-rezidentə ödəniləcək məbləğ net məbləğdir, yəni xidmətin dəyəri ödəmə mənbəyində tutulan verginin məbləği qədər artırılmalıdır. Qeyri-rezidentə 1.000 dollar ödənilməlidir. Bu halda, vergitutma aşağıdakı kimi olacaqdır:
(1000/90*100)*10% (ÖMV) = 111.11 USD
1000+111.11=1111.11 USD
1111.11*18% ƏDV = 200 USD
Fərqanə ALLAHVERDİQIZI