Koronavirus (COVID-19) pandemiyası dövründə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara uyğun növbəli iş rejimində bütün sahələr üzrə fasiləsiz fəaliyyətini davam etdirir.
QSC-dən bildirilib ki, mövcud şəraitdə “AzerGold” alternativ daşınma yolu ilə ikinci irihəcmli ixrac əməliyyatını reallaşdırıb. Qiymətli metalların kəskin qiymət artımı fonunda “Çovdar” filiz emalı sahəsində hasil olunan qızıl və gümüşdən istehsal edilmiş növbəti 36 ədəd gümüş və qızıl qarışıq tərkibli xəlitə İsveçrədə saflaşdırıldıqdan sonra satışa çıxarılıb. Cari il ərzində baş tutan altıncı ixrac əməliyyatı nəticəsində 6 703.97 unsiya qızıl, 15 273.95 unsiya gümüşün satışından, ümumilikdə 12 milyon 84 min 658.62 ABŞ dolları (20 milyon 543 min 919.65 manat) həcmində vəsait ölkə iqtisadiyyatına cəlb edilib. Bununla cari ilin birinci yarımilində həyata keçirilən ixrac əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına cəlb olunan vəsait 43 milyon 250 min 507.23 ABŞ dollarına (73 milyon 525 min 862.29 manat) yüksəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 41 faiz artım deməkdir.