AMEA-nın İqtisadiyyat İnstitutunun Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ramil Əliyevin və böyük elmi işçi Sevda Mahmudovanın “Azərbaycanda kiçik sahibkarlığın inkişafı” kitabı çapdan çıxıb.
İqtisadiyyat İnstitutundan bildirilib ki, monoqrafiyada Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin çoxillik statistik məlumatlarından istifadə edilməklə kiçik sahibkarlığın xüsusiyyətləri, ölkə iqtisadiyyatının inkişafında rolu, hüquqi tənzimlənməsi təhlil edilib. Eyni zamanda, Azərbaycanda kiçik sahibkarlığın bütün sahibkarlıq subyektlərində və özəl sektorda payı, iqtisadi fəaliyyət sahələri nəzərdən keçirilib. Bu sahənin maliyyə təminatının vəziyyəti araşdırılıb, nöqsanlar aşkar edilib, onların aradan qaldırılması istiqamətləri göstərilib. Kiçik sahibkarlığın inkişafına dair təkliflər irəli sürülüb.
Nəşrin elmi redaktoru iqtisad elmləri doktoru, professor Təbriz Əliyev, rəyçiləri iqtisad üzrə fəlsəfə doktoru, dosent Əbdül-Səməd Həsənov, iqtisad üzrə fəlsəfə doktoru, dosent Məzəddin Əyyubovdur.
Kitab sahibkarlıq strukturlarının rəhbər işçiləri, mütəxəssislər, magistrantlar və doktorantlar üçün nəzərdə tutulur.