Macarıstan elektron xidmətlər sahəsində ƏDV-ni azaldır

2019.02.09 11:10 (UTC+04:00)

Macarıstan hökuməti internet xidmətlərindən istifadə üçün əlavə dəyər vergisinin (ƏDV) dərəcəsini aşağı salmaq planını davam etdirir. Bu, Avropa İttifaqının (Aİ) müvafiq qanunvericiliyi ilə ziddiyyət təşkil etsə də, hökumət belə bir addım atmaqda qərarlıdır və öz mövqeyini Aİ-nin III Direktivinin ƏDV ilə bağlı Əlavəsində elektron xidmətlər barədə müddəanın olmadığı ilə əsaslandırır. ƏDV rejiminin dəyişdirilməsi Macarıstanın 2017-ci il üzrə dövlət büdcəsində nəzərdə tutulmuşdu. Hökumət Aİ komissarı Pyer Moskoviçinin bu dəyişiklikdən imtina etmək barədə qeyri-rəsmi çağırışlarına məhəl qoymadan bildirmişdi ki, elektron xidmətlərə tətbiq olunan ƏDV-nin dərəcəsi 27 faizdən 18 faizə endiriləcək. Bununla yanaşı, Moskoviçi müəyyən elektron məhsullar, o cümlədən elektron kitablarla bağlı ƏDV-nin aşağı salınması məsələsinin həlli üçün Aİ-nin III Direktivinin ƏDV ilə əlaqədar Əlavəsinə bəzi internet xidmətlərinin daxil edilməsi üzərində də dayanmışdı.