11 fevral – vergi xidməti işçilərinin peşə bayramı günüdür
Fikrət Yusifov, iqtisadçı ekspert, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri
Mən son zamanlar Vergilər Nazirliyində keçirilən bir neçə müzakirədə iştirak etmişəm. Bu sırada keçən ilin sonlarında Vergilər Nazirliyində Vergi Məcəlləsində aparılması nəzərdə tutulan dəyişikliklərin müstəqil iqtisadçılarla birgə müzakirəsinin nə qədər faydalı olduğunu hər birimiz görə bildik. Müzakirələr zamanı səsləndirilən bəzi təkliflərin dəyişikliklərin son variantında öz əksini tapması olduqca müsbət haldır. Vergi ödəyiciləri, müstəqil ekspertlər, vətəndaş cəmiyyəti nümayəndələri ilə qurulan dialoqlar Vergilər Nazirliyinin fəaliyyətinin səmərəliliyini artırır. Hesab edirəm ki, bu, normal fəaliyyətin əsaslarını təşkil edən mühüm şərtlərdəndir. Heç şübhəsiz, nazirliyin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasını hədəfləyən bu strategiya öz bəhrəsini verəcək.
Düzgün vergi siyasəti olmadan iqtisadiyyatda uğur qazanmaq mümkün deyil. Bu mənada, vergi siyasətinin reallıqlara uyğun tənzimlənməsi və vergi ödəyiciləri ilə dövlət arasında münasibətlərin ən optimal variantının formalaşdırılması olduqca vacib bir məsələdir. Tarazlaşdırılmış vergi siyasəti iqtisadi yüksəlişin təməlini təşkil edən şərtlərdən biri və mən deyərdim ki, birincisidir. Elə bu səbəbdəndir ki, Vergilər Nazirliyinin yeni rəhbərliyi ölkədə vergi münasibətlərinin tənzimlənməsində inqilabi bir yol – islahatlar yolunu seçdi. Bu, ən doğru olan bir seçimdir.