Rusiya Azərbaycanla neft-qaz maşınqayırması sahəsində əməkdaşlığı genişləndirəcək

2020.06.22 18:10 (UTC+04:00)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Rusiyanın Sənaye və Ticarət Nazirliyinin, Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Neft-qaz maşınqayırması sahəsində əməkdaşlığın inkişafı” mövzusunda videokonfrans formatında görüş keçirilib.

AZPROMO-dan bildirilib ki, görüşdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun departament rəhbəri Zöhrab Qədirov ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, ixrac imkanları, ixracın genişləndirilməsi istiqamətində qurumun həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Videokonfransda Azərbaycanda iqtisadiyyatın müxtəlif sektorları, o cümlədən neft-qaz maşınqayırma sahəsinin inkişafı istiqamətində mühüm işlər görüldüyü diqqətə çatdırılıb, Rusiya iş adamları azərbaycanlı həmkarları ilə əməkdaşlıq əlaqələrini genişləndirməyə dəvət edilib.

Sonra Rusiyanın “Texnoloji Təşəbbüslər İnstitutu”nun standartlaşdırma və sertifikatlaşdırma üzrə sənaye təşkilatının təqdimatı dinlənilib, iştirakçıların sualları cavablandırılıb.