ABŞ ilə Aİ arasında rəqəmsal vergi böhranı dərinləşir

2020.06.22 13:37 (UTC+04:00)

ABŞ hökuməti İqtisadi Əməkdaşıq və İnkişaf təşkiltanın (OECD) "Google" və "Facebook" kimi internet nəhənglərinə vergi tətbiq olunması ilə bağlı təşkil etdiyi müzakirədə iştirakdan imtina edib. Bu, Avropa ölkələrinin kəskin etirazı ilə qarşılanıb.

Fransanın maliyyə naziri Bruno Le Mar ABŞ rəhbərliyinin bu qərarını "təxribat" adlandırıb və ABŞ-ın bu hərəkətindən asılı olmayaraq verginin tətbiqinin davam edəcəyini bildirib. İngiltərə mətbuatı isə ABŞ-ın xəzinədarlıq naziri Stiv Minuçinin Fransa, İspaniya və İngiltərə maliyyə nazirlərinə məktub göndərdiyi barədə məlumat yayıb. Həmin məktubda aralarında "Google" və "Amazon" kimi nəhənglərin olduğu internet şirkətlərinə tətbiq olunacaq vergilərlə əlaqədar müzakirələrə qatılmaqdan ABŞ-ın imtina etdiyi bildirilir.

OECD üzvlərinin vergilərlə bağlı razılaşma əldə etməyə yaxın olduqlarını qeyd edən Fransa maliyyə naziri: "ABŞ-ın bu məktubu bütün OECD üzvlərinə qarşı bir təxribatdır", - deyib.

Qeyd edək ki, Avropada "Google", "Amazon", "Facebook" kimi texnologiya şirkətləri vergilərin çoxunu əsas mərkəzlərinin yerləşdiyi Avropa İttifaqı (Aİ) ölkələrinə ödəyir. Qlobal vergi qanunlarının rəqəmsal zəmanəyə uyğunlaşdırılmasını nəzərdə tutan müzakirələrdə 140 ölkə iştirak edir və bu ilin sonuna qədər onların arasında ümumi razılaşma əldə ediləcəyi nəzərdə tutulur.