İqtisadiyyatın dayanıqlı inkişaf perspektivləri müzakirə olunacaq

2020.06.17 13:01 (UTC+04:00)

Almaniyanın ölkəmizdəki səfirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə iyunun 23-də Alman-Azərbaycan Xarici Ticarət Palatası (“AHK-Azərbaycan”) üzvlərinin İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü keçiriləcək.

“AHK-Azərbaycan”dan bildirilib ki, görüş COVID-19 pandemiyasının yaratdığı çətinliklər fonunda “İqtisadiyyatın dayanıqlı inkişaf perspektivləri” mövzusuna həsr olunacaq. Nazir M.Cabbarov və Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq tədbirin fəxri qonaqları qismində məruzə ilə çıxış edəcəklər.

Sonra İqtisadiyyat naziri, nazirliyin rəhbər vəzifələrdə çalışan əməkdaşları və səfirin iştirakı ilə sual və cavab sessiyası keçiriləcək.