Latviyada vergi qanunvericiliyində dəyişiklik ediləcəyi gözlənilir

2020.06.19 13:45 (UTC+04:00)

Baş nazir Krişyanis Karinş Latviya Bankının rəhbəri ilə görüşdən sonra bildirib ki, vergi sistemi daha ədalətli olmalıdır və bu istiqamətdə dəyişikliklər 2021-ci ilin yanvarından qüvvəyə minməlidir. Bankın prezidenti Martinş Kazak isə qeyd edib ki, COVID-19 pandemiyası özüməşğul insanlara tətbiq olunan hazırkı güzəştlərin onları böhranlı vəziyyətdə qorumadığını və yaşa görə pensiyasının həcmi ilə bağlı təhlükə yaratdığını göstərir. Bank rəhbəri hesab edir ki, ən düzgün çıxış yolu ƏDV-nin dərəcəsinin aşağı salınması əvəzinə işçi qüvvəsinin vergi yükünün azaldılmasıdır. Söhbət statusundan asılı olmayaraq bütün işləyənlərin icbari sosial sığortasından gedir. Birinci ssenariyə əsasən, 430 avro aylıq maaş üçün minimum sosial sığorta haqqı 150,89 avro nəzərdə tutulur. İkinci ssenaridə isə minimal əməkhaqqı 500 avro olmaqla minimal sosial sığorta haqqının 175,45 avro olması təklif edilir.